Bakı şəhəri ərazisində yerləşən 4 tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir.
Sözügedən pozuntular Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanası, Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikası, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında aşkarlanıb.
“Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev