2021-ci ilin birinci yarısında “AzerGold” QSC-nin işçilərinin say həddi artırılıb.
“İnterfaks-Azərbaycan” agentliyinin cəmiyyətin yarımillik hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ilin iyul ayının əvvəlinə “AzerGold”da 470 nəfər (2020-ci ilin sonuna 415 nəfər) çalışıb. Beləliklə, cari ilin birinci yarısında “AzerGold”un işçilərinin say həddi 13,3% artırılıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” qızıl hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
X.Nəsirzadə