2021-ci ilin I yarısında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $1,9 milyard məbləğində əməliyyat aparılıb ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 42% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $1,9 milyard ekvivalentində olub. Bunun 84,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin II rübündə əməliyyatların həcmi $0,8 milyard (I rübdə $1,1 milyard) təşkil edib.
Yanvar-iyun aylarında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2% azalaraq $12,2 milyard ekvivalentində olub. “Nağdsız valyuta əməliyyatlarının 85,3%-i ABŞ dollarında, 14,7%-i isə digər valyutalarda aparılıb”, - deyə məlumatda qeyd olunur.
Hesabat dövründə nağdsız valyuta əməliyyatlarının 29,3%-i banklararası valyuta bazarında (BVB), 70,7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.*
X.Nəsirzadə