2021-ci ilin yanvar-iyul ayları BP şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 13,3 milyon ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5% azdır.Eyni zamanda, neft hasilatının 13,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb”, - nazirlikdən qeyd olunub.
Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 3%). Bunun 15,6 milyon tonu – AÇG blokundan neftin və “Şahdəniz” yatağından kondensatın payına düşüb. 823,7 min tonu isə SOCAR-ın payına düşüb.
Nazirlikdən məlumat verilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2021-ci il tarixinədək ümumilikdə 569 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”-dən - 537 milyon ton neft, “Şahdəniz”dən - 32 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Azərbaycanda neftin emalı 2021-ci ilin 7 ayı ərzində 3,9 milyon ton təşkil edib (artım 7% - İF).
AÇG blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin noyabr ayından başlanılıb. Yeni müqaviləyə əsasən layihənin operatoru olan BP şirkəti (Britaniya) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, ITOCHU Oil (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% paya malikdir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova