2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 5,8% - 15 milyard 367,7 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 937,5 milyon manat (hesabat dövründə artım 5% - İF) və ya bütün kreditlərin 6,1%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
Avqustun 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 873,5 milyon manat (artım 3,5%) və ya bütün kreditlərin 17,9%-i, özəl banklar tərəfindən 12 milyard 93 milyon manat (artım 6,3%) və ya bütün kreditlərin 79,6%-i həcmində kredit verilib. Qalan 401,2 milyon manat (artım 7,4%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2021-ci il avqustun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 11 milyard 251,5 milyon manat (artım 10,3%) milli valyuta, 4 milyard 116,2 milyon manat (azalma 4,9%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 26,8% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il avqustun 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 559,9 milyon manat (bütün kreditlərin 16,7%-i) ticarət və xidmət sahələrinin, 740,3 milyon manat (4,8%) energetika, faydalı qazıntıların hasilatı, kimya və təbii sərvətlər sektorunun, 561,9 milyon manat (3,7%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 771,5 milyon manat (5%) tikinti və daşınmaz əmlak sahələrinin, 917,8 milyon manat (6%) sənaye və istehsal sektorunun, 757,3 milyon manat (4,9%) nəqliyyat və rabitə sahələrinin, 7 milyard 462,9 milyon manat (48,6%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 11,2% artıb.*
A.Əzizov