İndiyədək Azərbaycanda aqroparkların yaradılmasına 173 milyon manat güzəştli kredit verilib, özəl investisiyaların həcmi isə 1,2 milyard manata çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İndiyədək 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 milyon manat güzəştli kredit, 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib”, - deyə məlumatda bildirilir.
Bu günədək aqroparklara 1,2 milyard manat özəl investisiya qoyulub.
Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.
Hazırda aqroparklarda ümumi olaraq 4750-dək işçi daimi, 4800-dən çox işçi isə mövsümü işlə təmin olunub.*
B.Rüstəmbəyov