“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayev çıxış edərək Beynəlxalq Ordu Oyunlarının başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıb.
Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.
Təntənəli mərasimin sonunda minaatan qruplarının yarışlarına start verilib.
Sentyabrın 4-dək davam edəcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan komandaları iştirak edirlər.*