“Aqroservis” ASC kənd təsərrüfatı təyinatlı dron və elektromaqnetik skanerin satınalınması ilə bağlı açıq tender elan edib.
İddiaçılar təkliflərini 23 sentyabr saat 11.00-dək təqdim etməlidirlər. Təklif zərfləri 24 sentyabr saat 11.00-da açılacaq.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tenderin şərtlərinə əsasən, 1 dron və 1 elektromaqnetik skaner qaliblə müqavilə imzalandıqdan sonra 3 ay ərzində tədarük edilməlidir.
Prezident İlham Əliyev 2020-ci ilin avqust ayında ““Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılıb.
“Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.*
B.Rüstəmbəyov