Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmasının aparılması üzrə tenderin keçirilməsindən imtina edib.
7 may 2021-ci il tarixində elan edilmiş tenderin predmeti aşağıdakılar olub: “Badamın daxili satış kanallarının araşdırılması” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınması; “Limonadların istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması; “Qazlı və qazsız içməli suların istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması; “Sabun istehsalı” layihəsi üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması.
www.tender.gov.az saytında verilən məlumata görə, tender prosedurlarının davamından “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə (Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər: tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə; tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda; tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda) əsasən imtina edilib.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*
B.Rüstəmbəyov