Bəzi KİV-də əsgər Çingiz Həziyevin Şuşa şəhəri istiqamətində şəhid olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb. Əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub”, - deyə məlumatda bildirilir.
İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.
“Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq”, - deyə məlumatda qeyd olunur.*
A.Salayeva