Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçusunun ölüm faktı üzrə cinayət işi başlanılıb. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
“27 avqust 2021-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həziyev Çingiz Ramin oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb”, - deyə məlumatda bildirilir.
Daha əvvəl Müdafiə Nazirliyinə istinadən bildirilmişdi ki, ilkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.*
A.Salayeva