Qarabağ müharibəsindən sonrakı dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu münaqişə heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bildiyiniz kimi, danışıqlar prosesi (Qarabağ münaqişəsinin həlli üzrə - İF) 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi”, - Əliyev bazar ertəsi Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışında bildirib.
Əliyev vurğulayıb ki, dünya birliyi dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdı.
“Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik”, - prezident deyib. Əliyev xatırladıb ki, beynəlxalq hüququn bütün norma və prinsipləri Azərbaycanın bu haqqını tanıyır.
“BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”, - dövlət başçısı vurğulayıb. **
E.Şəfiyev