Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağda azad edilmiş ərazilərdə ermənilərin ekologiyaya vurduğu zərərlə bağlı araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edib.
“Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qiymətləndirmələr aparılıb və Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonları və Şuşa şəhəri üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib”, - nazirlikdən məlumat verilir.
Bundan başqa, məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən davamlı olaraq işğaldan azad edilmiş rayonların ərazisindən keçən çayların müəyyənləşdirilmiş nöqtələrindən su və dib çöküntüsü nümunələrinin götürülməsi işləri aparılır. Həmin nümunələr üzrə təhlillər aparılır və çirkləndiricilərin dinamikası hazırlanır. Transsərhəd çaylarda aparılan monitorinqlər zamanı Şərqi Zəngəzur ərazisində Oxçuçaydan götürülmüş su nümunələrində ağır metalların (mis, molibden, manqan, dəmir, sink, xrom və s.) miqdarı normadan on dəfələrlə çox qeydə alınır.
“Hazırda Oxçuçayda dib çöküntülərindən müxtəlif səviyyələrdən götürülmüş nümunələr üzrə qiymətləndirmə aparılır”, - məlumatda deyilir. **
X.Nəsirzadə