Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.
“Bayramov Xovayevi yeni təyinat münasibətilə təbrik edib. Öz növbəsində, Xovayev Bakıya cari səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib”, - XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilir.
Bildirilir ki, Bayramov Xovayevə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü barədə məlumat verib.
Bayramov bəyan edib ki, İrəvanın sərgilədiyi revanşist mövqenin heç bir perspektivi yoxdur və tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanması vacibdir.
“O cümlədən, tərəflər, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar”, - nazirlikdən vurğulanıb. **
N.Abbasova