2020-ci ildə “Aqroservis” ASC-nin xalis zərəri 60 milyon 984,51 min manat ($35,8 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 18% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Dərc olunmuş maliyyə hesabatına əsasən, 2020-ci ildə “Aqroservis”in gəlirləri 13 milyon 630,097 min manat (azalma 53,8%), xərcləri 18 milyon 200,804 min manat (azalma 5,5 dəfə) təşkil edib.
2020-ci ilin yekunları üzrə ASC-nin əməliyyat zərəri 4 milyon 570,707 min manat (azalma 15,5 dəfə) təşkil edib.
Cəmiyyətin vergi ödənilənədək zərəri 81 milyon 441,656 min manat (artım 3,7%) təşkil edib ki, bu da ötən illərdə 78,5 milyon manat məbləğində təsdiqlənmiş zərərin olması ilə şərtlənib. 2020-ci ildə mənfəət vergisi üzrə ödənişlər 20 milyon 457,146 min manat (artım 5 dəfə), xalis zərər 60 milyon 984,51 min manat təşkil edib.
2020-ci ildə “Aqroservis”in aktivləri 3,3% artaraq 770,772 milyon manata çatıb. Bununla yanaşı, cəmiyyətin uzunmüddətli aktivləri 2,9 dəfə - 83,188 milyon manata qədər artıb, qısamüddətli aktivləri 4% - 687,583 milyon manata qədər azalıb.
Cəmiyyətin öhdəlikləri 4% - 391,78 milyon manata qədər azalıb.
2020-ci ildə “Aqroservis”in kapitalı 12,3% - 378,991 milyon manata qədər artıb.
Cəmiyyətin nizamnamə kapitalı dəyişməyib (411 milyon 976,466 min manat).
Prezident İlham Əliyev 2020-ci ilin avqust ayında ““Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılıb.
“Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.*
B.Rüstəmbəyov