2021-ci ilin yanvar-avqust aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $151,7 milyon dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvar ayında bu göstərici $8,8 milyon, fevralda $20,1 milyon, martda $18,4 milyon, apreldə $17,1 milyon, mayda $15,3 milyon, iyunda $22 milyon, iyulda $20 milyon, avqustda $30 milyon (maksimum aylıq göstərici) təşkil edib.
2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın həcmi 32,1% artıb.
Mərkəzin məlumatına görə, avqust ayında ixracın həyata keçirildiyi lider ölkələrin siyahısına Aİ ölkələri (38,5%), MDB ölkələri (10,2%), Türkiyə (33,3%) və ABŞ (0,8%) daxil olub.
Avqust ayında əsasən qiymətli metal külçələri (36,9%), pambıq mahlıcı (31,9%), polad boru yayması (25,2%), süd məhsulları (3,1%) və meyvə şirələri (1%) ixrac olunub.
Bu dövrdə yüklərin əsas hissəsi (54,8%) avtomobil nəqliyyatı, 37,8%-i hava nəqliyyatı, 6,2%-i dəmir yolu, 1,2%-i isə digər nəqliyyat növləri ilə ixrac olunub.
2020-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $182,8 milyon məbləğində ixrac həyata keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.*
X.Nəsirzadə