Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ümumi çəkisi 128 qram olan zərgərlik məmulatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı “Qırmızı Kanal” vasitəsilə keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib”, - deyə məlumatda bildirilir.
Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisində gömrük nəzarətindən gizlədilən 2 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti aşkar edilib.
“Qızıl zərgərlik məmulatlarının ümumi çəkisi 128 qram olub”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev