Müdafiə Nazirliyi Azərbaycan snayperinin tüfəngindən açılmış atəş nəticəsində sərhəddə erməni hərbi qulluqçunun həlak olması barədə İrəvanın yaydığı məlumatı təkzib edib.
“Bəyan edirik ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yaydığı məlumat yalandır, təxribat xarakteri daşıyır. "Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb”, - MN-in bəyanatında qeyd olunur.
Nazirlikdən əlavə ediblər ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi ilə bağlı digər iddiaları da yalandır.
«Bildiririk ki, Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - MN-dən qeyd olunub. **
X.Nəsirzadə