Azərbaycan Müdafiə Nazirliyi cümə günü gecə saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatın qarşısının alınması barədə məlumat verir.
“Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub”, - məlumatda deyilir.
Məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.
Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.
“Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq”,- MN-dən vurğulanır. **
B.Rüstəmbəyov