2021-ci ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 10 milyard 690 milyon 684,135 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 49,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
5 milyard 877 milyon 374,199 min manat (artım 26,1%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 941 milyon 355,154 min manat (artım 2,1 dəfə) olub. İlkin bazarda 1 milyard 270 milyon 417,573 min manatlıq, təkrar bazarda 670 milyon 937,581 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 936 milyon 19,045 min manat (artım 5,8%) təşkil edib. İlkin bazarda 3 milyard 795 milyon 389,881 min manatlıq, təkrar bazarda 140 milyon 629,164 min manatlıq not yerləşdirilib.
8 ay ərzində BFB-nin ümumi dövriyyəsində 274 milyon 7,627 min manat (azalma 5,2 dəfə) korporativ bazarın payına düşüb. 173 milyon 569,694 min manat ilkin bazarın, 100 milyon 437,933 min manat təkrar bazarın payına düşüb. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 160 milyon manat, təkrar bazarda yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib.
Yanvar-avqust aylarında BFB-nin ümumi dövriyyəsində 4 milyard 539 milyon 302,308 min manat (artım 4,2 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, iyulun sonuna birjanın kapitallaşması 4 milyard 313 milyon 56,272 min manat təşkil edib ki, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 11% çoxdur.**
X.Nəsirzadə