Azərbaycan prezidenti İlham Əliyev cümə günü Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək.
Diqqətə çatdırıldı ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi də Sumqayıt şəhərindədir.
Hazırda MİDA Sumqayıt şəhərində ümumi sahəsi 0,76 hektar olan ərazidə yaşayış kompleksinin tikintisi layihəsini reallaşdırır. Yaşayış kompleksi 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Bütün işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 36-sı birotaqlı, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək.
Yeni kompleks Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2 ha ərazidə inşa olunur. **
B.Rüstəmbəyov