Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib.
“Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar», - təbrikdə deyilir.
Dövlət başçısı qeyd edib ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdiriblər.
“Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir”, - prezident qeyd edib.
“Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram”, - təbrikdə bildirilir. **
E.Şəfiyev