“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Londonun gəmi idarəetmə şirkəti “V.Group” arasında onlayn görüş keçirilib. Bu barədə ASCO-dan məlumat verilib.
“Görüş zamanı ASCO-nun sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ASCO Xəzər dənizində aparıcı gəmiçilik şirkətlərindən biri olmaqla müxtəlif təyinatlı 260-dan çox gəmiyə malikdir. Şirkət 2014-cü ildən beynəlxalq sularda da fəaliyyətini bərpa edib. Belə ki, hazırda ASCO-nun Xəzərdənkənar sularda 11 gəmisi yükdaşımalarla məşğuldur. Onlardan 3-ü tanker, 8-i quru yük gəmisidir”, - məlumatda deyilir.
Görüş çərçivəsində ASCO-nun beynəlxalq yükdaşımalar bazarında fəaliyyətinin genişləndirilməsi və mövqeyinin gücləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
“V.Group”un nümayəndələri ASCO ilə əməkdaşlığa hazır olduqlarını, gələcək tərəfdaşlığın hər iki quruma fayda verəcəyini bildiriblər.
Qeyd edək ki, “V.Group” gəmilərin idarəedilməsində 35 ildən çox təcrübəyə malikdir. Hazırda şirkət 600 gəmi üçün məsuliyyət daşıyır. **
A.Salayeva