Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin saytında (zakupki.gov.ru) yerləşdirilmiş məlumatda Dağlıq Qarabağın “Dağlıq Qarabağ respublikası” kimi qeyd olunmasına reaksiya verib.
“Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb. Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb”, - XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəyan edib.
Onun sözlərinə görə, Rusiya tərəfi, öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını qeyd edib.
“Habelə, Rusiya tərəfi bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”, - Abdullayeva bildirib.
Avqustun 13-də Rusiya Müdafiə Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin saytında (zakupki.gov.ru) 151 414 088,10 rubl məbləğində sifariş yerləşdirib. Tenderin predmeti olaraq, “Dağlıq Qarabağ Respublikası” ərazisində Rusiya Müdafiə Nazirliyinin hərbi şəhərciklər kazarma-mənzil fonduna kompleks xidmətin təşkili və həyata keçirilməsi xidmətlərinin göstərilməsi qeyd olunub. **
A.Salayeva