Prezident İlham Əliyev “Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2021-ci il dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,4 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov