Avqustun 26-da Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə saxlanılan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Cəmil Babayev Azərbaycan tərəfinə geri qaytarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, Cəmil Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılıb. İki erməni əsgər – Artur Nalbandyan və Aramais Torozyan isə Ermənistana təhvil verilib.
Daha əvvəl Müdafiə Nazirliyindən verilən məlumata görə, Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır”, - deyə məlumatda qeyd olunub.*
B.Rüstəmbəyov