Ermənistanın baş naziri Nikol Paşinyan regionda bütün kommunikasiyaların açılmasına tərəfdar olduğunu bildirib.
“Sərhədyanı ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılması Ermənistan hökumətinin xarici siyasətinin gündəliyində duran mühüm istiqamətdir. Rusiya və İranla dəmir yolu əlaqəsinin yaradılması Ermənistan üçün son dərəcə vacibdir”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
“Bu məsələnin həlli üçün Ermənistan, Rusiya və Azərbaycan arasında yaradılmış üçtərəfli komissiya kommunikasiyaların açılması məsələsini müzakirə edir. Biz konkret nəticələr əldə etmək üçün səy göstərməkdə qərarlıyıq. Dərk edirik ki, Azərbaycan da öz növbəsində, Naxçıvanla əlaqəyə malik olmağı gözləyir. Biz ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh prosesini bərpa etmək niyyətindəyik. Azərbaycanla delimitasiya və demarkasiya prosesinə önəm verirəm və bunun üçün lazımi şəraitin yaradılması istiqamətində işləməyə davam edirik”, - deyə o qeyd edib.
Paşinyan əlavə edib ki, söhbət regionun qərblə şərqi və şimalla cənubu birləşdirən kəsişmə nöqtəsinə çevrilməsindən gedir.
“Rusiya bu prosesə kömək etməyə hazır olduğunu bildirib. Aİ, Fransa və ABŞ da bu prosesdə maraqlıdır. Həmçinin Hindistan və Çin də regional kommunikasiyaların inkişafına maraq göstərir”, - deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, regionda sülh və sabitlik Ermənistan tərəfinin uzunmüddətli strategiyasıdır. “Ermənistan müvafiq səylər göstərməyə hazırdır”, - deyə baş nazir bildirib.*