Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
“Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır”, - deyə o, Ermənistan XİN-in Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərinin keçirilməsinin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına uyğun olmaması ilə bağlı səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.
Leyla Abdullayeva Ermənistan XİN-in diqqətinə çatdırıb ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi, digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altıda saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır.
“Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir”, - deyə o vurğulayıb.*
E.Şəfiyev