İqtisadiyyat Nazirliyi 2021-ci il üçün ÜDM-in artım proqnozunu 3,4%-dən 4,6%-ə qədər yaxşılaşdırıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2021-ci il və 2022-2025-ci illər üçün yenilənmiş makroiqtisadi proqnozlar Maliyyə Nazirliyinin saytında dərc edilib.
Sənəddə qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə əsasən, 2021-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 82,3 milyard manat təşkil edəcək. Bununla yanaşı, neft-qaz sektorunda real artım 3,2%, qeyri-neft sektorunda 5,2% təşkil edəcək.
Proqnozlara görə, 2022-ci ildə Azərbaycanda ÜDM 4%, 2023-cü ildə 5,3%, 2024-cü ildə 3,7%, 2025-ci ildə 3,1% təşkil edəcək. Beləliklə, 2022-2025-ci illərdə ÜDM-in orta illik artım tempi 4,025%-ə bərabər olacaq.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2022-ci ildə neft sektorunda artım 1,8%, 2023-cü ildə 4,6%, 2024-cü ildə 0,9%, 2025-ci ildə azalma 1,5% səviyyəsində olacaq.
2022-ci ildə qeyri-neft sektorunda ÜDM-in artımı 5,1%, 2023-cü ildə 5,6%, 2024-cü ildə 4,9%, 2025-ci ildə 5% səviyyəsində proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2021-2022-ci illərdə neftin bir barelinin orta qiyməti $55, 2023-2025-ci illərdə $50 təşkil edəcək.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2021-ci ildə qeyri-neft sektorunda ÜDM-in xüsusi çəkisi 67% təşkil edəcək, 2025-ci ildə bu göstərici 72,9%-ə çatacaq.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən 4,3% azalıb.
İqtisadiyyat Nazirliyi 2021-ci il üçün ÜDM-in artımını 3,4%, neftin orta qiymətini $40 səviyyəsində proqnozlaşdırıb.*
A.Əzizov