Azərbaycan hökuməti 2022-2025-ci illərdə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertləri azaltmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, hökumətin Maliyyə Nazirliyi tərəfindən dərc olunmuş proqnozlarına əsasən, 2022-ci il üçün ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 11 milyard 860 milyon manat səviyyəsində nəzərdə tutulub (2021-ci ildə transfertlərin həcmi 12,2 milyard manat və ya il ərzində bütün büdcə gəlirlərinin 48%-i səviyyəsində nəzərdə tutulub). Bütövlükdə, 2022-ci ildə ARDNF-dən transfertlər dövlət büdcəsi gəlirlərinin 44,9%-ni təmin edəcək.
2023-cü ildə ARDNF-dən transfertlərin həcmi 11 milyard 520 milyon manat və ya dövlət büdcəsi gəlirlərinin 43,4%-i, 2024-cü ildə 11 milyard 180 milyon manat və ya dövlət büdcəsi gəlirlərinin 41,7%-i, 2025-ci ildə 10 milyard 840 milyon manat və ya büdcə gəlirlərinin 40%-i səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, neftin qiymətinin orta hesabla $5 aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik 1,5 milyard manat azalmasına gətirib çıxarır.
Neftin bir barelinin satış qiyməti $25-dək düşərsə, ortamüddətli dövrdə icmal büdcənin gəlirləri proqnozla müqayisədə orta hesabla illik 5,9 milyard manat az ola bilər.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov