ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-2022-ci illər üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu müvafiq olaraq 20 min barel artırıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-nın aylıq proqnozunda bildirilir.
EIA-nın məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,72 milyon barel həcmində avqust göstəricisinə qarşı 0,74 milyon barel səviyyəsində proqnozlaşdırılır.
I rübdə Azərbaycanda gündəlik neft hasilatı 0,74 milyon barel, II rübdə 0,69 milyon barel təşkil edib, III rübdə 0,73 milyon barel (avqust proqnozu - 0,7 milyon barel), IV rübdə 0,78 milyon barel (avqust proqnozu - 0,76 milyon barel) səviyyəsində proqnozlaşdırılır.
EIA 2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatını 0,8 milyon barel həcmində (avqust proqnozu – 0,78 min barel) gözləyir. Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,81 milyon barel (avqust proqnozu – 0,79 milyon barel), II rübdə 0,8 milyon barel (avqust proqnozu – 0,78 milyon barel), III rübdə 0,78 milyon barel (0,75 milyon barel), IV rübdə 0,81 milyon barel (0,78 milyon barel) səviyyəsində proqnozlaşdırılır.
EIA-nın məlumatına görə, 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,7 milyon barel təşkil edib.
Azərbaycan neft hasilatının azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasının iştirakçılarından biridir. Razılaşma çərçivəsində 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda gündəlik neft hasilatı (kondensat nəzərə alınmadan) 595 min bareli ötməməli idi. OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən, yəni 718 min bareldən azaltmağı öhdəsinə götürüb. “OPEC plus” ölkələri nazirlərinin 2021-ci il iyulun 18-də keçirilmiş 19-cu iclasında qəbul edilən yeni “Əməkdaşlıq Bəyannaməsi” 2021-ci il avqustun 1-dən 2022-ci il dekabrın sonunadək qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artıracaq.
OPEC+ ölkələrinin nazirlərinin sentyabrın 1-də keçirilən 20-ci iclasında gündəlik neft hasilatının oktyabrda 400 min barel artırılması barədə razılıq əldə edilib. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını oktyabrda daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq.*
N.Abbasova