Bu gün Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 17-ci iclası çərçivəsində ticarət missiyası baş tutacaq.
“Missiyada qida sənayesi, maşınqayırma, informasiya-kommunikasiya texnologiyaları, tibb, neft-kimya, tikinti materialları və avadanlıqlarının istehsalı sahəsində fəaliyyət göstərən Qazaxıstan şirkətləri iştirak edəcək”, - deyə Qazaxıstan Respublikasının ticarət və inteqrasiya naziri Baxıt Sultanov Facebook səhifəsində yazıb.
Nazir bildirib ki, missiya çərçivəsində Qazaxıstan məhsulları və ölkənin ixrac imkanları təqdim olunacaq. Həmçinin Sultanovun Azərbaycanın iqtisadiyyat, müdafiə sənayesi, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirləri ilə ikitərəfli görüşləri planlaşdırılır.
“Azərbaycandan olan həmkarlarımızla hökumətlərarası komissiyanın növbəti iclasını keçirəcəyik. Gündəliyə ticarət-iqtisadi əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən məsələlər daxildir. O cümlədən, iki ölkənin biznes dairələri arasında dialoqun qurulması üçün platformanın – Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması nəzərdə tutulur”, - deyə Sultanov qeyd edib.
Nazir, həmçinin məlumat verib ki, IT-həllər sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərindən biri Qazaxıstanda biznes qurmağı planlaşdırır və bu məqsədlə ölkədə biznes tərəfdaşları və istehsalçılar axtarışındadır.*
E.Şəfiyev