Azərbaycan hökuməti müxtəlif neft qiyməti şoklarında Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin azalması üzrə 3 proqnoz ssenarisi hazırlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi hökumətin Maliyyə Nazirliyi tərəfindən dərc olunmuş proqnozlarına istinadən xəbər verir ki, 2021-ci ilin sonuna Dövlət Neft Fondunun aktivləri üzrə $42,7 milyard səviyyəsində proqnoz baza göstəricisi olaraq götürülüb.
Neftin bir barelinin qiyməti $45-dək düşərsə, 2022-ci ildə ARDNF-in aktivlərinin $41,1 milyarda qədər, 2023-cü ildə $40,3 milyarda qədər, 2024-cü ildə $39,7 milyarda qədər, 2025-ci ildə $39,2 milyarda qədər azalacağı proqnozlaşdırılır.
Neftin bir barelinin qiyməti $35-dək düşərsə, 2022-ci ildə fondun aktivlərinin $39,5 milyarda qədər, 2023-cü ildə $37,1 milyarda qədər, 2024-cü ildə $34,8 milyarda qədər, 2025-ci ildə $32,7 milyarda qədər azalacağı proqnozlaşdırılır.
Neftin bir barelinin qiyməti $25-dək düşərsə, 2022-ci ildə fondun aktivlərinin $37,9 milyarda qədər, 2023-cü ildə $33,8 milyarda qədər, 2024-cü ildə $29,9 milyarda qədər, 2025-ci ildə $26,1 milyarda qədər azalacağı proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, 2020-ci ildə ARDNF-in aktivləri 0,56% - $43 milyard 564,3 milyonadək (1 yanvar 2021-ci il tarixinə), 2021-ci ilin yanvar-iyul aylarında 1,24% - $44 milyard 104,9 milyonadək (iyunun 30-na) artıb.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova