2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM 3,6% artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Cari ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatı 3,6%, qeyri-neft sektoru 5,5% artıb”, - deyə nazir bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu artıma, həmçinin özəl şirkətlər tərəfindən əsas kapitala investisiya qoyuluşlarının artırılması hesabına nail olunub.
M.Cabbarov əlavə edib ki, yanvar-iyul aylarında Azərbaycanda özəl şirkətlər əsas kapitala investisiyaları 11,7% artırıblar.
İqtisadiyyat Nazirliyi 2021-ci il üçün Azərbaycanda ÜDM artımını 4,6% səviyyəsində proqnozlaşdırır. Bununla yanaşı, qeyri-neft sektorunda artım 5,2% səviyyəsində proqnozlaşdırılır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən 4,3% azalıb.*
B.Rüstəmbəyov