2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 31,2 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3% azalıb, qeyri neft-qaz sektorunda isə 18,4% artıb.
Yanvar-avqust aylarında sənaye məhsulunun 62,5%-i mədənçıxarma sektorunda, 31,6%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 74,3%, tikinti materiallarının istehsalı 64,3%, əczaçılıq məhsullarının istehsalı 62,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,1%, tütün məmulatlarının istehsalı 55,1%, elektrik avadanlıqlarının istehsalı 53,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 52,5%, kompüter, elektron və optik məhsulların istehsalı 44,9%, kağız və karton istehsalı 28,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 17,3%, hazır metal məmulatlarının istehsalı 10,3%, neft məhsullarının istehsalı 8,7%, qida məhsullarının istehsalı 6,2%, kimya sənayesi məhsullarının istehsalı 5,8%, içki istehsalı 2,9%, maşın və avadanlıqların istehsalı 1,8% artıb.
Ağacın emalı və ağacdan məmulatların istehsalı 4,9%, mebel istehsalı 5,8%, geyim istehsalı 9,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,5%, poliqrafiya məhsullarının istehsalı 40,5%, sair nəqliyyat vasitələrinin istehsalı 69,8% azalıb.
2021-ci ilin yanvar-avqust aylarının yekunları üzrə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11% artıb.
2020-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi COVID-19 infeksiyası ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunması və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması fonunda 5% azalıb.*
N.Abbasova