2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8% artaraq 728,5 manat (cari məzənnə ilə $428,5) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 iyul 2021-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 724,4 manat ($426,1), 1 iyun tarixinə 724 manat ($425,9), 1 may tarixinə 722,3 manat ($424,9), 1 aprel tarixinə 713,2 manat ($419,5), 1 mart tarixinə 692,3 manat ($407,2), 1 fevral tarixinə 690,9 manat ($405,9), 1 yanvar tarixinə 707,3 manat ($416,1) təşkil edib.
2021-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 min nəfər və ya 0,5% artaraq 1 milyon 689,7 min nəfər (iyulun 1-nə 1 milyon 690,6 min nəfər) olub, onlardan 905,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.*
E.Şəfiyev