2021-ci ilin 8 ayı ərzində Rusiyadan Azərbaycana 158 min turist gəlib. Bunu Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadəbu gün Həştərxanda keçirilən VI Xəzər mediaforumunun plenar sessiyasında deyib.
Onun sözlərinə görə, əgər 2019-cu ildə Azərbaycana 932 min Rusiya vətəndaşı səfər etmişdisə, bu ilin 8 ayı ərzində onların sayı cəmi 158 min nəfər təşkil edib.
Quluzadə əlavə edib ki, 2019-cu ildə Azərbaycana İrandan 255 min turist gəlib. 2021-ci ilin yanvar-avqust aylarında Qazaxıstandan olan turistlərin sayı 2019-cu ildə qeydə alınmış 47 min nəfərdən 3,3 min nəfərə qədər, Türkmənistandan olan turistlərin sayı isə 52 min nəfərdən 1,7 min nəfərə qədər azalıb.
“Hökumətimizin həyata keçirdiyi koronavirusla mübarizə tədbirləri və uğurla reallaşdırılan vaksinasiya prosesi sayəsində sərhədlərimiz açılır”, - deyə o diqqətə çatdırıb.
Quluzadə əlavə edib ki, cari ilin iyun ayından etibarən Azərbaycan 42 ölkənin rezidentləri üçün hava sərhədlərini açıb, quru sərhədlər isə hələ bağlıdır.
“Bu, turizm sənayesi üçün kifayət qədər böyük coğrafiyadır. Biz, ilk növbədə, iki ölkə ilə sərhədləri açmışıq – bu ölkələr Azərbaycan turizmi üçün prioritet olan Rusiya və Türkiyədir. Təəssüf ki, Qazaxıstan, Türkmənistan və İran kimi prioritet ölkələrlə sərhədlər bağlı olaraq qalır”, - deyə o əlavə edib.*