“Helicopter Service Center” MMC “Mi” tipli helikopterin əsaslı təmirini həyata keçirib.
“Rusiya mütəxəssisləri ilə birgə “Mi” tipli helikopterin növbəti əsaslı təmiri uğurla başa çatıb. Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə belə irimiqyaslı layihənin həyata keçirilməsi “ASG Holding”in prezidenti Teymur Məmmədovun və Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirovun iştirakı ilə Zabrat hava limanında keçirilən tədbirdə qeyd edilib. Tərəflər müvafiq “təhvil-təslim” aktını imzalayıblar və onlara helikopterin simvolik açarı təqdim olunub”, - deyə “ASG Helicopter Services”in mətbuat xidmətindən bildiriblər.
Bu, Azərbaycan ərazisində həyata keçirilən üçüncü əsaslı təmirdir. Lakin əvvəlki iki təmirdən fərqli olaraq bu dəfə hərbi-nəqliyyat təyinatlı helikopterin təmiri həyata keçirilib.
“Helicopter Service Center” “ASG Helicopter Services”in törəmə şirkətidir və Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri ilə məşğuldur.
Bölgədə Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri üçün ilk aviasiya təmiri müəssisəsinin tikintisinə 2020-ci ildə “ASG Helicopter Services” tərəfindən tam maliyyələşdirilməklə başlanılıb.
Mərkəz bu sahədə istifadə olunan müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin istehsal gücü ildə 12 vahiddən 15 vahidədək təmirin aparılması üçün nəzərdə tutulub. Güc qurğularının və çıxarıla bilən avadanlıqların bir hissəsinin təmiri həm ölkədəki, həm də xaricdəki aparıcı sənaye müəssisələrində həyata keçiriləcək.
Servis mərkəzində işlərin ilkin mərhələsində 100 nəfərədək şəxsin işlə təmin olunması planlaşdırılır. Gələcəkdə Mərkəzin istehsal dövriyyəsi artdıqca işçilərin sayı da artırılacaq.*
N.Abbasova