2021-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 milyard 460 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14 milyard 346,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,4%), 12 milyard 113,1 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,1%) satılıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 13,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil benzini və dizel yanacağının, 5,3%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-avqust aylarında istehlak mallarının dəyər ifadəsində 27,7%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 23,3%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 24,6% artıb, fərdi sahibkarlar üzrə 0,9%, bazar və yarmarkalarda 9,2% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 179,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,2 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.*
N.Abbasova