Sentyabrın 10-da Ukrayna paytaxtında Bakı və Kiyev şəhərləri arasında qardaşlaşma haqqında niyyət protokolu imzalanıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Niyyət protokolunu İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Kiyev şəhərinin meri Vitali Kliçko imzalayıblar.
“Bakı olduqca surətlə inkişaf edir, şəhərdə möhtəşəm layihələr həyata keçirilib. Biz onlardan bəzilərini öyrənərək Kiyevdə tətbiq edirik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakıya növbəti səfərim zamanı yeni maraqlı layihələrin şahidi olacağam”, - deyə V.Kliçko bildirib.
O qeyd edib ki, imzalanan niyyət protokolu iki paytaxt arasında iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı daha da gücləndirəcək.
Qonaqpərvərliyə görə Kiyev şəhərinin merinə təşəkkürünü bildirən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, yeni niyyət protokolu iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq.
“Bakı və Kiyev şəhərləri arasında əməkdaşlığın inkişafı bizi sevindirir. Ukrayna paytaxtında da maraqlı layihələr həyata keçirilir və biz bu təcrübəni öyrənirik”, - deyə E.Əzizov vurğulayıb.*