Azərbaycanda bəzi tətil günləri dərs günləri ilə əvəz olunub.
Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc olunub.
Qərara əsasən, tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilib.
Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilib.
Təhsil naziri Emin Əmrullayevin “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında” əmrinə əsasən, tədris ili ərzində müəyyən edilən tətillər belədir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).*
A.Salayeva