ABŞ-ın Ermənistandakı səfirinin Dağlıq Qarabağın “statusu” ilə bağlı bəyanatı qəbuledilməzdir. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
“Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir”, - deyə L.Abdullayeva qeyd edib.
ABŞ-ın İrəvandakı səfiri Lin Treysi sentyabrın 11-də bəyan edib ki, ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtması üçün əlindən gələni edir.
“Biz tərəflərin ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ, Fransa) formatında danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik. Hesab edirik ki, problem danışıqlar yolu ilə həll olunmalıdır. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyində qalacaq”, - deyə o bildirib.*
A.Salayeva