Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən qanunvericiliyə əsasən yol vergisi və dövlət rüsümu tutulur.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir”, – Komitədən qeyd olunur.
DGK-dən vurğulanır ki, hazırda gömrük orqanları tərəfindən “qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.
Beləliklə, DGK Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatları şərh edib. Söhbət Azərbaycanın nəzarətində olan avtomobil yolunun polis məntəqəsinin quraşdırıldığı Gorus-Qafan hissəsindən keçən İrana məxsus avtonəqliyyat vasitələrindən gedir. **
N.Abbasova