2021-ci ilin I yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 milyard 878,4 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $598,2 milyon təşkil edib. Beləliklə, cari ilin I yarısında profisit 3,1 dəfə artıb.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM $23,5 milyard təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 8,1%-nə bərabər olub.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, cari ilin I yarısında neft-qaz sektoru üzrə profisit $4,6 milyard (artım 40,7%), qeyri-neft sektoru üzrə kəsir $2,7 milyard (artım 1,8%) təşkil edib.
2021-ci ilin yanvar-iyun aylarında bir barel neftin orta qiyməti $57,7 (2020-ci ilin müvafiq dövründə $41,8) təşkil edib.
2021-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin həcmi $13,2 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $3,5 milyard (artım 52,2% ) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 13,6%-i MDB, 86,4%-i uzaq xarici ölkələrin payına düşüb.
$8,4 milyard həcmində ixracın (artım 18%) strukturunda neft-qaz ixracı $7,3 milyard (artım 17,8%), bilavasitə neft və neft məhsullarının ixrac həcmi $5,9 milyard, o cümlədən neft ixracı $5,6 milyard təşkil edib.
$4,8 milyard həcmində idxalın (artım 0,9%) strukturunda $2,4 milyard istehlak mallarının, o cümlədən $806 milyon ərzaq mallarının payına düşüb. Yanvar-iyun aylarında ölkəyə $0,4 milyard dəyərində (bütün idxalın 9,1%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
Öncə AMB-nin sədri Elman Rüstəmov bəyan edib ki, 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti bir barel neftin orta qiyməti $65 olmaqla $3 milyardı ötəcək.
2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2019-cu ildə qeydə alınmış $4 milyard 364,9 milyon məbləğində profisitə qarşı $227,6 milyon və ya ÜDM-nin 0,5%-ni təşkil edib. Kəsir neftin ucuzlaşması (2020-ci ildə bir barel neftin orta qiyməti bir il əvvələ olan $64-a qarşı $41 təşkil edib) və OPEC+ çərçivəsində ixracın həcminin azalması ilə şərtlənib.**
A.Əzizov