2021-ci ilin I yarısında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2 milyard 635,666 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2 milyard 107,003 milyon təşkil edib. Beləliklə, 2021-ci ilin I yarısında birbaşa xarici investisiyaların həcmi 25,1% artıb.
I yarımillikdə birbaşa xarici investisiyaların 82,8%-i (2020-ci ilin yanvar-iyun aylarında 84,4%-i) neft-qaz sektorunun payına düşüb.
Bu dövrdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $453,7 milyon (artım 38,1%), xüsusi çəkisi 17,3% təşkil edib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycan şirkətləri xaricdə $182,7 milyon (azalma 2,8 dəfə), o cümlədən neft-qaz sektoruna $46 milyon (azalma 6,1 dəfə), digər sektorlara $136,7 milyon (azalma 42,1%) məbləğində birbaşa investisiya yatırıb.
2020-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2019-cu illə müqayisədə 6% artaraq $4 milyard 527,7 milyon təşkil edib.**
A.Əzizov