Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarının yeni icra başçılarına həmin rayonların inkişafı məqsədilə özəl investisiyalar cəlb etməyi tapşırıb.
“Siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz”, - Əliyev bu gün Cəlilabad və Şəmkir rayonlarının yeni icra başçılarını videoformatda qəbul edərkən bildirib.
Əliyevin sözlərinə görə, dövlət “hər şeyi öz boynuna götürə bilməz”.
Prezident qeyd edib ki, bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülüb və sahibkarlara şərait yaradılmalıdır.
“Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır”, - prezident deyib.
Dövlət başçısı vurğulayıb ki, sahibkar əmin olmalıdır ki, “ancaq dövlətin vergisini ödəməlidir, vəssalam”. **
B.Rüstəmbəyov