Azərbaycan Rusiya ilə qaz əməliyyatlarını genişləndirməyi planlaşdırır. Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bəyan edib.
“Azərbaycan (bu gün - İF) Rusiyadan qaz idxal etmir, lakin biz qonşu ölkələrlə svop və tolllinq qaz əməliyyatlarında iştirak edirik, bura Rusiyanın Qazprom şirkəti də daxildir”, - Bəylərbəyov Independent Commodity Intelligence Services şirkətinə müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Bu mənada, mən təsdiq edirəm ki, Rusiya da daxil olmaqla, bütün qaz hasil edən qüonşularımızla həmin əməliyyatların tətbiqi və ya genişləndirilməsi üzərində işləməyə davam edirik”, - SOCAR-ın nümayəndəsi əlavə edib.
Xəbər verildiyi kimi, cari ilin iyul ayında Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair razılığa gəliblər.
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” və “Qazprom” Qrupu arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin qüvvədə olması müddəti 2023-cü ilə qədərdir. Müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur.
Şirkətin məlumatına görə, tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq.
Azərbaycan tərəfindən müvafiq həcmdə məhsulların qəbulu və göndərilməsi baxımından müqavilənin texniki icrasını SOCAR həyata keçirəcək. **
N.Abbasova