2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,7% - 2 milyard 881,7 milyon manata qədər (cari məzənnə ilə $1 milyard 695,1 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 72,8% - 279,7 min tona qədər, dizel yanacağı istehsalında 12,5% - 1 milyon 679,8 min tona qədər, sürtkü yağı istehsalında 66,8% – 35,7 min tona qədər, neft bitumu 7,4% - 237,2 min tona qədər, neft koksu istehsalında 21,3% - 176,1 min tona qədər artım qeydə alınıb.
Yanvar-avqust aylarında 804,3 min ton (azalma 2,5%) avtomobil benzini, 336 min ton təyyarə yanacağı (azalma 0,2%), 31,3 min ton (azalma 26,3%) soba mazutu istehsal edilib.
2021-ci il sentyabrın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 35,9 min ton avtomobil benzini, 0,7 min ton nafta, 32,5 min ton təyyarə yanacağı, 65,5 min ton dizel yanacağı, 14,6 min ton soba mazutu, 9,1 min ton sürtkü yağı, 15,9 min ton neft bitumu, 13,5 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.**
N.Abbasova