Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş zamanı bölgədəki cari təhlükəsizlik vəziyyəti, o cümlədən dövlət sərhədinin delimitasiya prosesi, kommunikasiyaların açılışı, infrastruktur layihələri və digər məsələləri müzakirə olunub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüş zamanı XİN başçısı üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə məlumat verib. Bu xüsusda Bayramov Ermənistanın vəziyyətin gərginləşdirilməsinə xidmət edən davranışı, əsassız iddialar və qeyd şərtlərlə çıxış etməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Öz növbəsində, Klaar Aİ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini və bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını qeyd etdi.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan və Aİ arasında yeni sazişi üzrə aparılan danışıqlar, həmçinin iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə etdilər. **
A.Salayeva