2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $5 milyard 585 milyon 815,2 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 75,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $20 milyard 284 milyon 862,14 min (2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 22,4% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $12 milyard 935 milyon 338,63 min (artım 30,9%), idxalın həcmi $7 milyard 349 milyon 523,51 min (artım 9,8%) təşkil edib.
İxracın strukturunda əsas həcm (87,75%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,58% ərzaq məhsullarının, 0,9% tütün və tütün məhsullarının, 5,24% əczaçılıq məhsullarının, 0,5% gübrələrin, 3,2% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,71% odun və agac məhsullarının, 2,08% geyim və geyim aksessuarlarının, 7% qara metal və ondan hazırlanan məmulatların, 24,6 maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,63% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,83% mebelin, 25,81% digər məhsulların payına düşüb.
Yanvar-avqust aylarında xarici ticarət əməliyyatlarında 7,63 min özəl və dövlət müəssisəsi və 37,409 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 180 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-avqust aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 37,77%-i), Türkiyə (13,58%), Rusiya (4,21%), Gürcüstan (3,63%), Hindistan (3,78%), İspaniya (3,98%), İsrail (3,57%), Portuqaliya (2,38%), Xorvatiya (4,24%), Ukrayna (2,42%) və Böyük Britaniya (2,21%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (16,81%), Türkiyə (15,35%), Çin (13,69%), Almaniya (5,9%), ABŞ (4,07%), Ukrayna (3,99%), İtaliya (4%), İran (3,22%), Böyük Britaniya (2,65%) və Yaponiya (2,29%) ilə həyata keçirib.
Öncə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2021-ci ilin yekunları üzrə xarici ticarətdə müsbət saldo $6-7 milyard təşkil edə bilər.
2020-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 49,6% azdır. Azalma COVİD-19-un təsiri və dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə şərtlənib. **
B.Rüstəmbəyov